QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi beynəlxalq gündəmdə müzakirə olunur. Qəzzadakı hərbi əməliyyatlarla əlaqədar hərbi və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan Netanyahunun saxlanılması hüquqi və siyasi aspektlərdən qiymətləndirilir.
Onun beynəlxalq hüquq əsasında həbsinin nə dərəcədə mümkün olduğu, eləcə də Avropa ölkələrinə səfəri zamanı orderin icra edilib-edilməyəcəyi sual doğurur.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu barəsində hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər ittihamları ilə həbs orderi verib. Bu səbəbdən İsrailin baş nazirinin bəzi Avropa dövlətlərinə səfəri onun saxlanılması ilə nəticələnə bilər.
Əsədullazadənin fikrincə, Netanyahunun güclü siyasi mövqeyi, İsraildəki müəyyən dairələrin və xarici müttəfiqlərin dəstəyi həbs prosesini çətinləşdirən amillərdir. O qeyd edib ki, order mövcud olsa da, hazırkı şəraitdə Netanyahu ilə bağlı belə addımın atılması asan deyil.
Politoloq vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarını qəbul edən və məhkəmə ilə əməkdaşlıq öhdəliyi olan dövlətlər Netanyahu onların ərazisinə gəldiyi halda orderi icra edə bilərlər.
Əsədullazadə baş nazirin siyasi gələcəyinin onun hüquqi vəziyyətinə təsir edə biləcəyini də bildirib. Netanyahu vəzifəsini itirərsə, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə hüquqi təzyiqlərin artması mümkündür. O, İsraildə korrupsiya ittihamları ilə də üzləşir.
Politoloqun qənaətinə görə, Netanyahunun barəsində daxili hüquqi proseslərin davam etməsi onun siyasi mövqeyinə təsirsiz qalmayacaq. Bununla belə, ittihamların və beynəlxalq orderin icrası siyasi şəraitdən də asılıdır.
Əsədullazadə ABŞ-ın İsrailə və Netanyahuya münasibətini də əhəmiyyətli amil kimi göstərib. Onun sözlərinə görə, Donald Trampla Netanyahunun yaxınlığı və Vaşinqtonun İsrailə siyasi dəstəyi İsrail rəhbərinin beynəlxalq təcridini çətinləşdirir.
Politoloq yaxın perspektivdə Netanyahunun həbsini real hesab etmədiyini bildirib. Bununla yanaşı, onun Avropa ölkələrindən birinə səfəri zamanı həmin dövlətin beynəlxalq öhdəliklərinə əsasən həbs qərarını icra etməsi mümkündür.