QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Monteneqro Prezidenti Yakov Milatoviç Azərbaycana səfərin təşkilinin müzakirə olunduğunu və səfər tarixinin razılaşdırıldığını açıqlayıb. O, bunu Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində bildirib.

Milatoviçin sözlərinə görə, hazırda onun administrasiyası ilə Azərbaycan Prezidentinin administrasiyası səfərlə bağlı danışıqlar aparır. Prezident Bakı Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana gəlməyin mümkün olduğunu deyib. Tərəflər səfəri forumla eyni vaxta salmaq məqsədilə qrafikləri uyğunlaşdırmağa çalışırlar.

Azərbaycan vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqinə münasibət bildirən Monteneqro Prezidenti qərarın ölkəsinin Avropa İttifaqına üzvlük prosesi ilə əlaqəli olduğunu qeyd edib. O bildirib ki, Monteneqro üzərinə düşən öhdəlikləri yerinə yetirərək viza siyasətini Aİ tələblərinə tam uyğunlaşdırıb.

Milatoviç qoşulma müqaviləsinin gələn ilin ilk yarısında imzalanacağına ümid etdiyini söyləyib. Onun fikrincə, nəticə seçkilərin nə vaxt keçiriləcəyindən də asılıdır, amma müqavilənin həmin müddətdə imzalanması real ssenaridir. “Bu, bizim üçün irəliyə doğru böyük bir addım olacaq”, - deyə o vurğulayıb.

Azərbaycanla turizm əlaqələrindən danışan prezident Monteneqronun xarici turistlər, o cümlədən azərbaycanlılar üçün cəlbedici ölkə olduğunu bildirib. O, turizmin Monteneqro iqtisadiyyatındakı rolunu qeyd edərək azərbaycanlı turistləri ölkəyə dəvət edib.

Monteneqro Prezidenti 2028-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Avropa Siyasi Birliyinin sammitini də müsbət qiymətləndirib və tədbiri səbirsizliklə gözlədiyini söyləyib.