QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York ştatında qızılca uşağın ölümünə səbəb olub. Bu, ştatda son 30 il ərzində xəstəlikdən qeydə alınan ilk uşaq ölümüdür.
Nyu-York qubernatoru Keti Hokul Lyuis dairəsində qızılcaya yoluxmuş uşağın vəfat etdiyini açıqlayıb. O, hadisəyə görə kədərini ifadə edib və bunun son üç onillikdə ştatda qızılcadan baş verən ilk ölüm olduğunu qeyd edib.
Hokul uşaqlar arasında peyvəndlənmə səviyyəsinin aşağı düşməsindən narahatlığını bildirib. Qubernatorun sözlərinə görə, uşaqlarını peyvənd etdirməkdən imtina edən ailələrin sayının artması ictimai sağlamlığın qorunmasını çətinləşdirir. O vurğulayıb ki, bu ölüm qarşısı alına bilən xəstəliklərə qarşı illərlə əldə olunmuş irəliləyişin itirilməsinin ağır nəticələrini nümayiş etdirir.
Yerli səhiyyə qurumlarının açıqladığı məlumata əsasən, Lyuis dairəsində ilin əvvəlindən bəri 15 qızılca yoluxması qeydə alınıb.