QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Varşavanın Modlin və Şopen hava limanlarında iki ayrı təyyarə ilə bağlı bomba xəbərdarlığı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub.
Modlin hava limanının sosial media hesabında yayılan məlumata əsasən, London Hitroudan Varşava Şopenə uçan LOT aviaşirkətinin “Boeing 737 MAX” təyyarəsində bomba ola biləcəyi barədə yerli vaxtla saat 09:54-də məlumat daxil olub.
181 sərnişinin olduğu təyyarə saat 10:01-də Modlin hava limanına təcili eniş edib. Daha sonra hava gəmisi xüsusi ayrılmış sahəyə aparılıb, sərnişinlər və ekipaj təxliyə olunub. Səlahiyyətli qurumlar təyyarədə yoxlamaya başlayıblar.
Xəbərdarlıqdan sonra Modlin hava limanı uçuşları müvəqqəti dayandırıb. Əməliyyatlar sonradan bərpa edilib.
Polşa mediasının yazdığına görə, Şopen hava limanında da Kopenhagandan Varşavaya gələn SAS-a məxsus təyyarədə bomba həyəcanı elan olunub. Təyyarə yerə endikdən sonra sərnişinlər təxliyə edilib, təhlükəsizlik qüvvələri isə araşdırmaya başlayıb.
Yoxlamalarla əlaqədar Şopen hava limanının uçuş-enmə zolaqlarından biri müvəqqəti istifadəyə bağlanıb.