QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Tehranda ABŞ Prezidenti Donald Trampın barmaqlıqlar arxasında təsvir edildiyi və “Trampı öldürəcəyik” yazılan plakat nümayiş etdirilib.

İran paytaxtının İnqilab Meydanında yerləşdirilən iri ölçülü afişada həmin mesaj ingilis və fars dillərində yazılıb. Tramp plakatda simvolik şəkildə həbsxana barmaqlıqları arxasında göstərilib.

Meydanın digər hissəsində Tramp, onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və İsrailin Baş naziri Binyamin Netanyahu yorğun, cırıq geyimdə təsvir edilən rəsmlə nümayiş olunub. Əsərdə ABŞ və İsrailin yanmış, cırılmış bayraqları da yer alıb.

Meydanda təxminən 500 nəfərin iştirakı ilə kiçikmiqyaslı etiraz aksiyası keçirilib. İran və “Hizbullah” bayraqları tutan iştirakçılar ABŞ və İsrail əleyhinə şüarlar səsləndirib, bəziləri Trampın şəkli olan lövhələri tapdalayıb.

Aksiyada iştirak edən bəzi şəxslərin kəfən geyindiyi də müşahidə olunub.