QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikrini dəstəkləyib.

Paşinyan bunu bu gün parlamentdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistan ərazisində çəkilən dəmir yolu Azərbaycan dəmir yolu ilə birləşdirilməli, bu səbəbdən texniki məsələlər tərəflər arasında razılaşdırılmalıdır.

“Dəmir yolumuzun Azərbaycan dəmir yolu ilə bağlantısının təmin olunmasını və müvafiq texniki parametrlərin fəal şəkildə razılaşdırılmasını vacib sayırıq. Üçtərəfli işçi qrupu da bu məqsədlə yaradılıb”, – baş nazir bildirib.

Paşinyan, həmçinin, layihənin praktiki icrasına keçiddə mühüm mərhələlərdən birinin cənub sərhədində kommunikasiyaların inşası üçün lazım olan sərhəd sahələrinin demarkasiyası olacağını vurğulayıb.

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Almaniyanın xarici işlər naziri Yohan Vadefulla birgə brifinqdə Ermənistan ərazisindən keçəcək 42 kilometrlik nəqliyyat dəhlizini nəzərdə tutan “Tramp Marşrutu” (TRIPP) layihəsinin texniki parametrlərinin Azərbaycanla mütləq razılaşdırılmalı olduğunu deyib.