QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Tərtərdə iki nəfərin öldürülməsi ilə bağlı cinayət işinin istintaqı yekunlaşıb və materiallar məhkəməyə göndərilib.

Hadisə avqustun 6-da Tərtər şəhəri, Nəriman Nərimanov küçəsi, 38 ünvanında baş verib. Yanğın qeydə alınan fərdi yaşayış evində yaşayan 1954-cü il təvəllüdlü Adilə Hüseynova və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əsgər Səmədovun zorakılıq izləri olan kömürləşmiş cəsədləri aşkarlanıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində aparılıb.

İstintaq materiallarına əsasən, əvvəllər məhkum edilmiş, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tamah məqsədilə qanunsuz olaraq ər-arvadın yaşadığı evə daxil olub. O, kəsici alətlə hər iki şəxsə xəsarət yetirməkdə, evdən külli miqdarda pul oğurlamaqda və cinayətin izlərini ört-basdır etmək üçün gətirdiyi yanacaqla evi və zərərçəkənləri yandıraraq onları xüsusi amansızlıqla qəsdən öldürməkdə şübhəli bilinir.

Toplanmış sübutlar əsasında Baxşəliyevə Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.7, 120.2.11, 181.3.3 və 186.2.2-ci maddələri ilə yenidən ittiham irəli sürülüb. Bunlar xüsusi amansızlıqla, başqa cinayəti gizlətmək məqsədilə, iki və ya daha çox şəxsi, eləcə də quldurluqla əlaqədar qəsdən adam öldürmə, quldurluq və əmlakı yandırmaqla qəsdən məhv etmə ittihamlarını əhatə edir.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.