QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Pensilvaniya Universitetinin tədqiqatçıları baş və boyun xərçəngi olan pasiyentlərdən götürülmüş tüpürcək nümunələrində insan papilloma virusunun (HPV) 93 faizədək hissəsini birləşdirən eksperimental saqqız hazırlayıblar. Məhsulun tərkibindəki başqa maddə isə iki növ bakteriyanın miqdarını azaldıb.
Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında yayımlanıb. Müəlliflər ağız boşluğunda olan mikroorqanizmlərə təsir edən zülalların birbaşa tətbiqi imkanlarını öyrəniblər.
HPV infeksiyasının uzun müddət davam etməsi bəzi xərçəng növlərinin yaranmasına yol aça bilər. “Porphyromonas gingivalis” və “Fusobacterium nucleatum” bakteriyalarının yüksək miqdarı isə baş və boyun nahiyəsindəki şişlər üzrə daha mənfi nəticələrlə əlaqələndirilir.
Virusla mübarizə üçün hazırlanan saqqızda lobya növündən əldə edilən, FRIL lektini daşıyan maddədən istifadə olunub. Həmin zülal virus hissəciklərinə yapışaraq onları qruplaşdırır.
Məqalədə bildirilir ki, tüpürcək və ağız yaxalamasından götürülən maye nümunələrinin laborator müayinəsində bu yanaşma HPV-nin müvafiq olaraq 93 və 80 faizini birləşdirib.
Sonrakı mərhələdə saqqıza antimikrob xüsusiyyətli proteqrin-1 peptidi əlavə edilib. Qarışıqla nümunələrin bir dəfə işlənməsi hədəf bakteriyaların sayını 99 faizdən artıq azaldıb. Eyni zamanda, streptokoklar da daxil olmaqla, bəzi başqa bakteriyalar təsirsiz qalıb. Nəticələr vasitənin laboratoriya şəraitində seçici təsir göstərdiyini nümayiş etdirib.
Tədqiqatçılar növbəti mərhələdə klinik sınaqların aparılmasını təklif edirlər. Onların fikrincə, vasitənin mövcud müalicələrə əlavə və infeksiyalara nəzarət üsulu kimi tətbiq edilə bilməsi də araşdırılmalıdır.