QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Moskvadakı İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Nə? Harada? Nə zaman?” televiziya oyununun keçmiş iştirakçısı Rövşən Əsgərovun cinayət işini onun iştirakı olmadan araşdıracaq.
Əsgərova nasizmi reabilitasiya etmək, Rusiya ordusu barədə saxta məlumatlar yaymaq, nifrətə təhrik və terror xarakterli digər əməllər törətmək ittihamları irəli sürülüb.
İş üzrə sənədlər məhkəməyə təqdim edilsə də, iclasın vaxtı hələ təyin olunmayıb.
Oktyabrda Rusiya İstintaq Komitəsi Əsgərovun Sovet İttifaqının marşalı Georgi Jukov barədə paylaşdığı yazılarla əlaqədar nasizmin bərpası iddiası üzrə istintaqı yekunlaşdırıb.
Ötən ilin noyabrında Əsgərova xarici agentlərin fəaliyyətini tənzimləyən qaydaları pozduğuna görə 40 min rubl məbləğində cərimə kəsilib. Məhkəmə icraçılarının bildirdiyinə görə, onun ödəmədiyi cərimələrin ümumi məbləği 90 min rubla çatan daha iki qərarı var və icra prosesi başladılıb. O, xarici agent qismində hesabat təqdim etmədiyinə, həmçinin müvafiq şəxsiyyət vəsiqəsini daşımadığına görə də cərimələnib.
Keçmiş oyunçu 2022-ci ilin dekabrında xarici agentlərin reyestrinə, sonradan isə Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib. Əsgərov barəsində qiyabi həbs qərarı verilib.
Bundan əvvəl Rövşən Əsgərov “Nə? Harada? Nə zaman?” ictimai təşkilatının prezidenti kimi “Mirotvorets” (“Sülhməramlı”) məlumat bazasına salınıb.