QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, fərdi qaydada, muzdlu işçi cəlb etmədən kuryerlik edən şəxslər üçün aylıq 15 manat sabit sadələşdirilmiş verginin müəyyənləşdirilməsi təklif olunur.

Təklif Vergi Məcəlləsinə dəyişikliklər layihəsində yer alıb və parlamentin bugünkü plenar iclasında müzakirə edilib. Layihədə vergi öhdəliklərinin sabit qəbz əsasında yerinə yetirilməsi də nəzərdə tutulur.

Sənədə əsasən, bu model vergi orqanlarının nəzarət və inzibati işlərini yüngülləşdirə, əməliyyatların rəsmiləşdirilməsinə şərait yarada və sahədə dövriyyənin daha şəffaf qeydə alınmasına imkan verə bilər. Bununla qeyri-rəsmi çalışan kuryerlərin fəaliyyətini rəsmiləşdirməsinə stimul yaradılması, sahibkarların əməliyyat xərclərinin isə azalması gözlənilir.

Çatdırılma xidmətində avtomobil, motosiklet, velosiped və skuterdən istifadə olunur. Kuryerlərin vergi hesabatı vermək və gəlir-xərcləri uçota almaq təcrübəsinin az olduğu, mövcud inzibati tələblərin isə bir çoxunu qeyri-rəsmi işləməyə yönəltdiyi bildirilir.

Elektron ticarətin inkişafı ilə kuryer xidmətləri də son illər sürətlə böyüyüb. Bu sahədə əsasən muzdlu işçi götürmədən fərdi çalışan fiziki şəxslər fəaliyyət göstərir. Sabit vergi və qəbz mexanizminin hesablamaları, ödənişləri və hesabatlılığı asanlaşdıracağı, mühasibatlıq xərclərini aşağı salacağı qeyd olunur.

Parlament layihəni səsverməyə çıxararaq ilk oxunuşda qəbul edib.