QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, “Grand Theft Auto VI” (GTA 6) oyununun yaratdığı maraq ABŞ-da polis idarələrinin diqqətini çəkib. Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə oyunla real həyatı qarışdırmamaq barədə xəbərdarlıqlar yayıblar.
13 illik fasilədən sonra təqdim olunan və satışa çıxdığı ilk gündə rekord qeydə alan oyunun yaratdığı canlanma fonunda polis rəsmiləri küçə yarışlarının, avtomobil oğurluğunun və silahlı zorakılığın gerçək həyatda ciddi cinayət məsuliyyəti doğurduğunu vurğulayıblar.
Atlanta Polisi paylaşımında “Oyunu oynayın, özünüzü oyuna gətirməyin” mesajını verib. Denver rəsmiləri isə “Polisdən qaçmaq real həyatda hələ də qanunsuzdur” deyə xatırladıblar.
Texas ştatının San Antonio şəhərində polis əməkdaşı video müraciətində “Əlavə xal üçün kiməsə hücum etməyə dəyməz” ifadəsini işlədib. Eyni ştatın San Juan şəhərinin polisi “GTA 6-da baş verənlər GTA 6-da qalır” mesajını paylaşıb.
Arizona ştatındakı Pima Şəhər Şerif Ofisi də real həyatla oyun arasındakı fərqi vurğulayaraq bildirib: “Real həyat qanunlarında fırıldaqçı kodlar, yenidən dirilmə və ya missiyanı yenidən başlatmaq yoxdur”.
“Rockstar Games” şirkətinin hazırladığı GTA 6-nın ilk 24 saatda 20 milyondan çox nüsxəsi satılıb. Oyunun gəliri 2,36 milyard dolları ötüb və əyləncə sənayesi tarixindəki rekordlar yenilənib.