QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda və ətraf ərazilərdə dövlət qurumlarında iki ay sınaqdan keçirilən dəyişkən iş qrafiki nəqliyyat sıxlığını qismən azaldıb. Nəqliyyat eksperti Eldəniz Cəfərov sınaq müddətinin uzadılmasının tərəfdarı olduğunu deyib.
2026-cı il sentyabrın 15-dən tətbiq olunan rejim dövlət orqanlarını, dövlət mülkiyyətində olan və ya nəzarət zərfi dövlətə məxsus hüquqi şəxsləri, eləcə də dövlət adından yaradılmış publik hüquqi şəxsləri əhatə edib. İşçilər üç qrafik üzrə çalışıblar: 08:00-17:00, 09:00-18:00 və 09:30-18:30. Hər rejimdə əməkdaşların payı ən azı 30 faiz olmalı idi.
Sınaq dövründə aidiyyəti dövlət qurumları nəqliyyat sıxlığını qiymətləndirməli, nəticələri araşdıraraq iş saatları ilə bağlı yekun təkliflər hazırlamalı idilər.
Cəfərovun sözlərinə görə, sıxlığın azalması xüsusilə oktyabrın ilk yarısında nəzərə çarpıb. Həmin vaxt həm nəqliyyatın ümumi sıxlığı, həm də tıxaclar müəyyən qədər azalıb. Hazırda isə sıxlıq yenidən hiss olunur. Ekspert bəzi qurumların qrafikə riayət etmədiyini ehtimal edib və nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, dəyişkən iş vaxtının müddətsiz tətbiq edilməsini təklif edib. Cəfərov orta və ali məktəblərdə dərs saatlarının da dəyişdirilməsi üçün konkret tədbirlərin görülməli olduğunu bildirib. Bu məsələ Prezidentin imzaladığı “2025-2030-cu illəri əhatə edən Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nda nəzərdə tutulub. Ekspert sənəddəki tədbirin həyata keçirilməli olduğunu qeyd edib.