QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda 2030-cu ilin sonuna qədər fəaliyyət göstərən bütün kolleclərin müvafiq ali təhsil müəssisələrinə inteqrasiyası planlaşdırılır. Bu barədə Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin müzakirəsi zamanı danışıb.

Turxan Süleymanın sözlərinə görə, müzakirə olunan 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında orta ixtisas təhsilinə dair bir sıra məsələlərin yer alması gözlənilir.

O bildirib ki, 2022–2026-cı illəri əhatə edən strategiyada bu təhsil pilləsi ayrıca istiqamət kimi göstərilməyib. Yeni mərhələdə isə kolleclərin ali təhsil ekosisteminə daxil edilməsi nəzərdə tutulur. Hazırda bəzi kolleclər universitetlərin tabeliyində olsa da, planlaşdırılan dəyişiklik bununla məhdudlaşmayacaq.

Süleyman qeyd edib ki, məqsəd kollecləri universitetlərin ayrılmaz hissəsinə çevirməkdir. Plan üzrə, 2027–2030-cu illərin sonuna doğru fəaliyyət göstərən bütün kolleclər müvafiq ali təhsil müəssisələri ilə inteqrasiya ediləcək.

Onun sözlərinə görə, bu model çərçivəsində orta ixtisas təhsili universitetlərin bakalavriat, magistratura və doktorantura pillələri ilə birlikdə vahid təhsil ekosistemində fəaliyyət göstərəcək. Dəyişikliklərin əsas istiqamətlərindən biri kolleclərlə ali təhsil müəssisələrinin birgə fəaliyyətinin təmin olunmasıdır.