QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Rusiyada ali məktəb və texnikumlarda təhsil alan əcnəbilərin dərsə davamiyyəti, qiymətləri, proqramları mənimsəməsi və aralıq attestasiya nəticələri yoxlanıla bilər. Planlaşdırılan nəzarət təhsil üçün Rusiyaya gedən Azərbaycan vətəndaşlarına da təsir edə bilər.

“Rusiya Federasiyasında təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına təqdim edilmək üçün hazırlanıb. Təklifin məqsədi xarici tələbələrin həqiqətən təhsil alıb-almadığını müəyyənləşdirməkdir. Rusiya tərəfi bəzi şəxslərin tələbə vizasından ölkədə yaşamaq və işləmək üçün yararlandığını düşünür.

Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, beynəlxalq təcrübədə təhsil vizasının başqa məqsədlərlə istifadə edilməsi halları mövcuddur. Onun sözlərinə görə, bu cür hallar, xüsusən, təhsil müəssisələrinə qəbul şərtlərinin daha əlçatan olduğu ölkələrdə müşahidə edilir.

“Bəzi ölkələrdə şəxsin əslində oxumamasına və ya kifayət qədər bilik əldə etməməsinə göz yumulur. Rusiyada isə görünür, bu məsələyə daha sərt yanaşılmağa başlanıb. Rusiya postsovet ölkələrindən olan gənclər üçün ənənəvi olaraq cəlbedici təhsil istiqamətlərindəndir. Dilin uyğunluğu, qəbul imkanları və qüvvədə olan qaydalar seçimə təsir edir”, – deputat qeyd edib.

Allahverənovun qənaətinə görə, Moskvanın əsas hədəfi miqrasiya proseslərinə nəzarəti gücləndirməkdir. O xatırladıb ki, Rusiya son dövrlər miqrasiya qanunvericiliyini ardıcıl sərtləşdirir. Ötən ildən miqrant uşaqların orta məktəblərə qəbulu üçün yeni tələblər tətbiq edilməyə başlanıb. Bu addım məktəblərdə əlavə yükün yaranması ilə əsaslandırılıb və müvafiq qiymətləndirmə mexanizmləri də işə salınıb. İndi oxşar yanaşmanın ali təhsil alan əcnəbilərə tətbiqi müzakirə olunur.

Deputatın sözlərinə görə, xarici tələbələrin təhsilinin əsasən ödənişli olması Rusiyanın onların ölkədə qalması ilə bağlı əlavə xərcləri və digər çətinlikləri nəzərə almasına mane olmur.

O hesab edir ki, dərslərdə iştirak edən, tədris proqramını mənimsəyən və qənaətbəxş akademik göstəricilərə sahib tələbələr yeni yoxlamalarda çətinlik yaşamamalıdır. Təhsil almadan tələbə statusu vasitəsilə Rusiyada qalmağa çalışanlar isə problemlə üzləşə bilər.

Azər Allahverənov məsələni Azərbaycan vətəndaşları baxımından da şərh edib. O bildirib ki, bəzi əcnəbilər öz ölkələrində hərbi mükəlləfiyyətdən yayınmaq üçün Rusiyanın təhsil müəssisələrinə qəbul olmağa cəhd göstərirlər.

“Görünür, bu məsələ ayrı-ayrı ölkələrdən Rusiyanın təhsil müəssisələrinə bununla bağlı göndərilən müraciətlərin də təsiri ilə gündəmə gəlib. Həmin şəxslərin sırasında Azərbaycan vətəndaşlarının olması da mümkündür”, – deputat deyib.

Allahverənov yoxlamalar nəticəsində müəyyən sayda əcnəbi tələbənin təhsil müəssisələrindən xaric edilə biləcəyini bildirib. Onun sözlərinə görə, bir müddət sonra müvafiq rəqəmlər açıqlanarsa, problemin faktiki miqyası da məlum olacaq.