QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Rusiyanın sabiq müdafiə nazirinin birinci müavini Ruslan Tsalikov 10 il müddətinə həbs cəzası alıb.

Moskvanın Zamoskvoretski rayon məhkəməsi onu korrupsiya, külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasında təqsirli sayıb. Tsalikova 500 milyon rubl cərimə də təyin edilib.

Qərara əsasən, o, cəzasını başa vurduqdan sonra 15 il dövlət qulluğu ilə bağlı vəzifələrdə işləyə bilməyəcək. Bundan başqa, Tsalikov dövlət mükafatlarından və birinci dərəcəli həqiqi dövlət müşaviri rütbəsindən məhrum olunub.

Məhkəmə Müdafiə Nazirliyinin mülki iddiasını təmin edib və sabiq nazir müavinindən 6,5 milyard rubl tutulmasına qərar verib. Tsalikov 12 mənimsəmə və çirkli pulların yuyulması, eləcə də iki rüşvət alma epizodu üzrə təqsirli bilinib.

O, məhkəmə zalında həbs edilib. Tsalikov həmin vaxtadək ev dustaqlığında olub və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ruslan Tsalikov 2015–2024-cü illərdə Rusiyanın müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb. İstintaqın versiyasına görə, cinayət işi 2017–2024-cü illərdə “Voentorq” şirkəti vasitəsilə hərbi qulluqçuların geyim və digər əşyalarla təminatı zamanı dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlıdır. İş üzrə ümumi ziyanın 6,6 milyard rubldan çox olduğu bildirilirdi.