QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, əsaslı yenidənqurmadan keçən Xankəndi stadionunda ilk rəsmi futbol qarşılaşması keçirilib. “Xankəndi” I Liqanın VIII turunda “Karvan-Yevlax”la üz-üzə gəlib.

Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol fasilədən sonra vurulub: 67-ci dəqiqədə İbrahim Əliyev, 77-ci dəqiqədə isə Obi con Onyeka fərqlənib.

Qələbədən sonra “Karvan-Yevlax” 16 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Xankəndi təmsilçisi 6 xalla səkkizinci sıradadır.

Qarşılaşmanı tribunadan 3000-ə yaxın azarkeş izləyib.