QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, SpaceX Texas və Arizona ştatlarında iki superkompüter mərkəzinin yaradılmasına 74 milyard dollardan artıq vəsait yönəltməyi nəzərdə tutur.

Şirkətin planına əsasən, Texasdakı Starbase obyektinə 24 milyard dollardan çox, Arizona kampusuna isə təxminən 50 milyard dollar sərmayə qoyulacaq.

Arizona layihəsinin inşası dövründə 5500 nəfərin işlə təmin edilməsi, mərkəz işə düşəndən sonra isə 1000 daimi iş yerinin açılması planlaşdırılır. Bununla belə, yerli hakimiyyət orqanları layihəyə hələ razılıq verməyib. Tikintiyə icazə verilməməsini tələb edən müraciəti 2400 nəfər imzalayıb. Məsələ dekabrda keçiriləcək ictimai dinləmədə müzakirə olunacaq.

Starbase-də təbii qazla işləyən elektrik stansiyasının və superkompüter mərkəzinin inşası nəzərdə tutulur. Tikinti mərhələsində indiyədək 3 mindən artıq iş yeri yaradılıb. Obyekt fəaliyyətə başladıqdan sonra 500-dən çox daimi iş yerinin saxlanacağı bildirilir.

SpaceX-in açıqlamasına görə, 2026-cı ilin üçüncü rübündə şirkətin gəlirlərinin yarıdan çoxu süni intellekt bölməsindən əldə olunub.