QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, deputat Səyyad Aran Milli Məclisin iclasında İmişlinin kəndlərində qazlaşdırma işlərinin aparılmasını və Varxan kənd məktəbində təhlükəsizlik tədbirlərinin görülməsini istəyib.

Deputatın sözlərinə görə, Varxan kənd məktəbinin təmirə ehtiyacı var. Məktəbin yaxınlığındakı açıq transformatorun ətrafında uşaqlar futbol oynayır və top bəzən transformatorun yanına düşür. Səyyad Aran ərazidə mühafizə çəpərinin qurulması üçün müraciət etdiyini, lakin tədbir görülmədiyini deyib.

O, Hacıqasımlı, Kamallı, Musalı, Nərimanov və Nurulu kəndlərində qaz olmadığını, İmişlinin ümumilikdə yeddi kəndinin qazlaşdırılmasının gecikdiyini qeyd edib. Deputat İmişli ilə yanaşı, Saatlıda da qazlaşdırma işlərinin aparılmasına çağırıb.

Səyyad Aran Qaralar kəndindən Hacı Mirabbas ağanın təxminən bir ay əvvəl ona İmişlinin kəndlərinə qaz çəkilməsi barədə müraciət etdiyini bildirib. Deputat həmin şəxsin “Biz Lerik deyilik, Daşkəsən deyilik, Kəlbəcər deyilik” sözlərini xatırladaraq, boruların birləşdirilib kəndlərə çatdırılmasının mümkün olduğunu söyləyib. Aran kənd sakinlərinin tələbinə cavab verə bilmədiyini də əlavə edib.