QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkənin yeni konstitusiyasında Avropa İttifaqına üzvlük istəyinin əks olunmasının hazırda müzakirə edilmədiyini deyib.
“Buna indi heç bir ehtiyacımız yoxdur”, – Simonyan İctimai Televiziyaya müsahibəsində bildirib.
O, Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın Qərblə yaxınlaşma cəhdlərinin Ermənistan hökumətini Moskva ilə daha sıx əlaqələrə gətirdiyi barədə fikrinə münasibət bildirib. Simonyan 2013-cü ildə Serj Sarqsyanın Aİ ilə Assosiasiya sazişi üzrə danışıqlar apardıqdan sonra bir gecədə mövqeyini dəyişərək Gömrük İttifaqına qoşulmasını xatırladıb.
Simonyan Qriqoryanın mövqeyinə hörmət etdiyini və onun əvvəllər də oxşar fikirlər səsləndirdiyini qeyd edib. Bununla yanaşı, o, Qriqoryanın son səkkiz ildə nə ilə məşğul olduğunu və həmin dövrdə Qərblə yaxınlaşmağa çalışıb-çalışmadığını soruşub.
Təhlükəsizlik Şurasının katibi Qriqoryanın balanslı addımlar atdığını söyləməyin doğru olmadığını bildirib. Onun sözlərinə görə, sabiq rəsmi balanslı siyasət yürütməyib və Avropayönümlü kursu dəstəkləyənlərdən olub.
Simonyan 2013-cü il nümunəsinin mövcud vəziyyətə uyğun olmadığını vurğulayıb. O bildirib ki, seçilmiş hakimiyyət Brüssel, Moskva, Vaşinqton və ya başqa paytaxt tərəfindən təyin edilmirsə, qərarlarını özü verir.
Onun sözlərinə görə, müxtəlif məsələlərdə Ermənistana təsir göstərmək və ölkənin siyasi kursunu dəyişmək cəhdləri olub. Simonyan bu cəhdlərin bir gecə deyil, bir ay ərzində təzyiq və hücumlarla həyata keçirilməyə çalışıldığını, lakin nəticə vermədiyini deyib. O, bunun səbəbini Ermənistan Respublikasında xalqın seçdiyi hakimiyyətin olması ilə izah edib.