QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul məqsədilə müsabiqə elan edib.
Müsabiqəyə ali, orta-ixtisas və ya tam orta təhsili olan, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 26 yaşadək kişi vətəndaşlar müraciət edə bilərlər. Namizədlərin boyu ən azı 1,85 metr olmalı, idman cüssəsinə malik olmalı, özlərinin və yaxın qohumlarının məhkumluğu olmamalıdır. Həmçinin onlar “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verməlidirlər.
Müraciət edən şəxslər Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron, Hacıqabul, Ucar, Zərdab, Ağdaş, Göyçay, Goranboy, Yevlax, Bərdə və Şəmkir rayonlarında qeydiyyatda olmalı və yaşamalıdırlar.
Vəzifələrin xüsusiyyətləri, fiziki və psixoloji yük, növbəli iş rejimi və bəzi hallarda əsas iş vaxtından artıq xidmət nəzərə alınaraq namizədlərin sağlamlığı, biliyi və fiziki hazırlığı müəyyən edilmiş qaydada yoxlanılacaq. Ali təhsili olan, xarici dillərdən birini bilən və kompüter avadanlıqları ilə işləyə bilən namizədlərə üstünlük veriləcək.
Fiziki hazırlıq üzrə minimum tələblər 100 metri 14 saniyəyə, 1000 metri 4 dəqiqəyə qaçmaq və turnikdə 12 dəfə dartınmaqdır.
Müsabiqədə iştirak etmək istəyənlər elektron ərizə formasını özləri doldurmalı və kadr@somda.gov.az elektron poçt ünvanına, Agentliyin Kadrlar Baş İdarəsinə göndərməlidirlər. Ərizəyə əlavə məlumat əlavə etmək tələb olunmur.
Agentlik yalnız elan edilmiş şərtlərə uyğun şəxslərin müraciət etməsini bildirir; tələblərə cavab verməyən müraciətlər qəbul edilməyəcək.
Əlavə məlumat üçün +994 (12)-435-45-39 və +994 (12)-435-45-46 nömrələri ilə əlaqə saxlamaq mümkündür.