QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Qazaxın Aşağı Salahlı kəndində Tamerlan Sadıqovun qətlinə görə Xaliq Məmmədrzayev barəsində aparılan məhkəmə prosesi yekunlaşıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmmədrzayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Baş Prokurorluğun 2025-ci ilin avqustunda həyata keçirdiyi kompleks tədbirlər nəticəsində Sadıqovun öldürüldüyü müəyyən olunub. 1994-cü il təvəllüdlü Aşağı Salahlı sakini martın 20-də itkin düşmüşdü. Bu faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdı.
Beş ay sonra aparılan istintaq tədbirləri zamanı 1988-ci il təvəllüdlü həmkəndlisi Xaliq Məmmədrzayevin Sadıqovu öldürdükdən sonra fərdi yaşayış evinin həyətində basdırdığı üzə çıxıb. İş üzrə ittihamın hüquqi tövsifi 125-ci maddədən qəsdən adam öldürməni nəzərdə tutan 120.1-ci maddəyə dəyişdirilib.
Sadıqovun meyiti basdırıldığı yerdən çıxarılıb. Məmmədrzayev avqustun 20-də iş üzrə şübhəli şəxs qismində saxlanılıb. İstintaq sənədlərində hadisənin qısqanclıq zəminində baş verdiyi göstərilib.