QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Sumqayıtda 23 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. İşə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

İstintaq materiallarında Lerik rayonundan olan, 2003-cü il təvəllüdlü Füzulinin Qənirə ilə şəxsi münasibətlər zəminində mübahisə etdiyi qeyd olunub. Adlar şərtidir. Mübahisə zamanı kişi qadının başına, kürəyinə və sol qoluna qəsdən zərbələr vurub.

Füzuliyə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmədə təqsirini qəbul etdiyini bildirib. Dediyinə görə, Qənirə ilə 2022-ci ildən tanış olub və birlikdə qeyri-rəsmi yaşayıblar. Cütlüyün 2025-ci ildə Pərviz adlı övladı dünyaya gəlib.

Füzuli son vaxtlar işdən çıxdığı üçün münasibətlərində problem yarandığını deyib. Hadisə günü uşağın ehtiyatsızlıqdan yerə yıxıldığını, Qənirənin ona çata bilməməsinə görə irad bildirdiyini və bundan sonra mübahisə düşdüyünü söyləyib. O, qadının baş, kürək və sol qol nahiyələrinə əli ilə zərbələr endirdiyini etiraf edib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, Qənirə ilə barışdıqlarını, qadının ona qarşı şikayət və tələbinin olmadığını bildirib. Məhkəmə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verib və Füzulini cinayət məsuliyyətindən azad edib.