QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Sumqayıtda “Aral Group”un inşa etdiyi “Bağça Şəhər” yaşayış kompleksindəki binalardan birində yanğın təhlükəsi ilə bağlı sakinlər narahatlıq keçirirlər.

Bildirilib ki, binanın qapalı yeraltı qarajında quraşdırılan elektromobil şarj cihazı təhlükəsizlik standartlarına cavab vermir. Redaksiyaya təqdim olunan görüntülərdə 77-MG-177 dövlət nömrə nişanlı avtomobil üçün parkinqdə fərdi şarj qurğusunun yerləşdirildiyi görünür. Yüksək gərginlikli naqillərin açıq və qeyri-peşəkar çəkildiyi, avtomat qutusunun isə izolyasiyasız qaldığı iddia olunur.

Məlumata əsasən, qurğunu bina rəhbərliyi şəxsi avtomobili üçün quraşdırıb. Sakinlərin sözlərinə görə, avtomobil sahibi və ailəsi həmin binada yaşamır.

Sakinlərdən biri bildirib ki, binada 64 ailə, ümumilikdə isə təxminən 192 nəfər yaşayır. Onun sözlərinə görə, bina rəhbərliyinə dəfələrlə müraciət olunsa da, şikayətlər nəzərə alınmayıb. Sakin açıq çəkilmiş naqillərin qısaqapanma və yanğın riski yaratdığını, bunun insanların həyatını və əmlakını təhlükəyə atdığını deyib.

Sakinlər parkinqlə bağlı başqa bir problemdən də danışırlar. İddiaya görə, bina rəhbərliyi həyətyanı sahədə rəsmi icazə olmadan taksi dayanacağı yaradıb, ərazidə sarı xətlər çəkdirib və yerləri taksi fəaliyyəti ilə məşğul olan sürücülərə ayda 30 manata icarəyə verib.

Sakinlər binanın elektrik şəbəkəsinə müdaxilə və həyətdə yaradıldığı bildirilən parkinq fəaliyyəti ilə bağlı aidiyyəti qurumların yoxlama aparmasını, qanun pozuntusu aşkarlanacağı təqdirdə hüquqi tədbirlər görülməsini istəyirlər.