QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Emin və Rahib Hüseynov qardaşlarının işi üzrə ilkin baxış iclası baş tutub.

Hakim Babək Pənahovun rəhbərlik etdiyi iclasda dövlət ittihamçısı ittiham aktını oxuyub. Qardaşlar onlara qarşı irəli sürülən ittihamları qismən qəbul etdiklərini bildiriblər. Növbəti məhkəmə prosesi dekabrın 2-də, saat 10:00-da keçiriləcək.

İttihama əsasən, Emin və Rahib Hüseynov qabaqcadan razılaşmış qrup şəklində, etibardan sui-istifadə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, bununla külli miqdarda zərər vurmaqda təqsirləndirilirlər.

Rahib Hüseynov Zahid Rüstəmovun qəsb edilmiş əmlakının geri alınmasına yardım edəcəyini vəd edərək müxtəlif vaxtlarda ondan 35 500 manat götürüb. O, tanışı Sabir Cəfərovu isə lombarda girov qoyduğu qızıl-zinət əşyalarına görə daha yüksək məbləğ əldə etməyə kömək, işə düzəltmə və övladını universitetə qəbul etdirmə vədləri ilə aldadıb, ümumilikdə 2 500 manat alıb.

İttihamda qeyd olunur ki, R.Hüseynov qardaşı Eminlə birgə Zahid Rüstəmovu vəzifəli şəxslərlə əlaqələri olduğuna inandırıb, bitki mənşəli qidalarının Rusiyada satışını təşkil edəcəklərini bildirib. Emin Hüseynov vasitəsilə müxtəlif vaxtlarda Zahid Rüstəmovdan 87 000 manat alındığı iddia edilir.

Bundan başqa, Rahib Hüseynovun yalan vədlərlə Emma Ələkbərovadan 4 000, İradə Mustafayevadan 9 000, Sabir Cəfərovdan 25 000, Samara Salehovadan 25 000, Arzu Məmmədovadan 13 000, Kamran Musayevdən 6 900, Əzimə Rzayevadan 89 000, Bəhruz Şirməmmədovdan 10 000, Mehdi Süleymanzadədən isə 5 000 manat aldığı bildirilir.

İş üzrə cinayət işi açılıb. Emin və Rahib Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, külli miqdarda dələduzluq ittihamı əsasında məsuliyyətə cəlb olunublar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Hüseynov qardaşları daha əvvəl də eyni ittihamla məhkum ediliblər. 2018-ci ilin dekabrında hər biri ayrılıqda 9 il müddətinə azadlıqdan məhrum olunub. Həmin işdə Rahib Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilib; zərərçəkənlərə “Azərbaycan Dəmir Yolları” QSC-yə yataq dəstləri gətirmək adı ilə vədlər verildiyi qeyd olunub. Zərərçəkənlərdən Qoşqar Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur.

Təqsirləndirilənlər ADY-yə rəhbərlik etmiş, daha sonra nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğlanlarıdır. Rahib Hüseynov həmçinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədr müavini Əvəz Qocayevin kürəkəni olub.