QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Abşeron rayonunun Hökməli qəsəbəsində anasını yandıraraq öldürən 21 yaşlı Abdurrəhman Həsənli 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2005-ci il təvəllüdlü Həsənli valideynləri və iki bacısı ilə bir evdə yaşayıb. Məlumata görə, atası ilə anası arasında tez-tez, əsasən dini məsələlərə görə mübahisələr yaranıb. Dindar olan ata ailə üzvlərini şəriət qaydalarına əməl etməyə çağırıb, ana və qızları isə bu qaydalara riayət etməyiblər.
Mübahisələrdə atasını dəstəkləyən Abdurrəhman anasını və bacılarını yanlış yolda olmaqda ittiham edib. Gərginlik artdıqdan sonra qadın evin satılaraq iki hissəyə bölünməsini istəyib. Abdurrəhmanla atası bu təklifə qarşı çıxıblar.
Ana və qızları evin bölünməsində israr etdikdə əsəbiləşən Abdurrəhman benzin götürüb. O, evə benzin tökərək onu yandırmağa cəhd edib, bu zaman anasının üzərinə də yanacaq tökərək od vurub. Ailə üzvlərinin qadını xilas etmək cəhdi nəticə verməyib. Ağır vəziyyətdə xəstəxanaya aparılan qadın aldığı xəsarətlərdən orada vəfat edib.
Polis hadisəni törətməkdə şübhəli bilinən Həsənlini saxlayıb. Fakt üzrə cinayət işi başlanıb və məhkəməyə göndərilib. Hökmə əsasən, Abdurrəhman 17 il 6 ay həbs cəzası alıb.