QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Suraxanı rayonunun Bülbülə qəsəbəsində 1979-cu il təvəllüdlü Əfqanıstan vətəndaşı F. R. həyat yoldaşı K. R. ilə mübahisə edib.
İstintaq materiallarında göstərilir ki, 47 yaşlı kişi arvadının onu qısqanması və mobil telefonla başqa şəxslərlə danışmasına irad bildirməsi səbəbindən yaranan mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyələrinə əli ilə bir neçə dəfə zərbə vurub. Zərbələr nəticəsində onun döş qəfəsi nahiyəsindən xəsarət aldığı bildirilir.
F. R.-yə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərər vurmanı nəzərdə tutan 128-ci maddəsi ilə ittiham irəli sürülüb. Araşdırma zamanı onun həyat yoldaşı ilə barışdığı, zərərçəkmiş qadının isə şikayət və tələbinin olmadığı müəyyən edilib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.