QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 2026-cı il büdcəsinin parlamentdə müzakirəsi zamanı yüksək vəzifəli şəxslərin qol saatları gündəmə gəlib.
Dövlət Teatrları İdarəsinin baş direktoru, aktyor Tamer Karadağlı və Kino İdarəsinin baş direktoru, rejissor Birol Güvənin saatlarının dəyəri müzakirələrə yol açıb. Büdcə müzakirələrində yan-yana oturan iki rəhbərin saatları fotoqrafların diqqətini çəkib.
Karadağlının qara siferblatlı, qəhvəyi dəri qayışlı “Panerai” saatına bənzər modelin bazar qiymətinin 544 min Türkiyə lirəsi, yəni təxminən 27 min manat olduğu bildirilir. Paslanmayan poladdan hazırlanan korpusunun ölçüsü 47 millimetr olan saatın dünyada cəmi 1 000 ədəd istehsal edildiyi qeyd olunur.
Güvənin qolundakı “Girard-Perregaux” markalı saatın daha yüksək qiymətə malik olduğu bildirilir. Markanın WW.TC seriyasından olan, 18 əyarlı çəhrayı qızıl korpuslu modelinin rəsmi satış qiyməti 31 min 750 dollardır.