QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Heydər Əliyevin və ölkənin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən şəhidlərin xatirəsini anıb.

Rəhbər heyət əvvəlcə Fəxri xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub. Bununla onun xatirəsinə ehtiram bildirilib. Ardınca akademik, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarı ziyarət edilib və qəbir üzərinə tər güllər düzülüb.

Hərbi Memorial Məzarlıqda təşkil olunan mərasimdə Dövlət Himni hərbi orkestrin müşayiəti ilə ifa olunub. Şəhidlər bir dəqiqəlik sükutla yad edilib, məzarların üzərinə gül dəstələri qoyulub. Memorial abidənin önündə də əklil qoyularaq şəhidlərin xatirəsi anılıb.

Proqram Zəfər parkında davam edib. Ziyarətçilər abidənin qarşısına əklil və gül dəstələri qoyaraq Vətən uğrunda həlak olanların xatirəsinə ehtiram göstəriblər.

Ziyarət çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəhidlərin ailə üzvləri və yaxınları ilə söhbət edib, onların qayğıları və sosial vəziyyəti ilə maraqlanıb.