QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ-yə köçən keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkədə rus dilində danışan azərbaycanlı bloqerləri tənqid edib.
Ad çəkməyən Hümbətova bir bloqerin rus dilində də aydın danışmadığını deyib. O, bəzi bloqerlərin Azərbaycan dilində də düzgün danışmadığını vurğulayıb.
“Guya rusdillidirlər, Azərbaycan dilində danışmağa cəhd edirlər. Qeyri-səlis nitqi ilə desən, rus dilində danış, normal danışa bilmirsən. Hansı dildə danışdığı bəşəriyyətə məlum deyil. Bu cür hallara ətim tökülür.
Xarici ölkədə yaşasan, orada doğulsan, Azərbaycan dilində danışmağa cəhd etsən, başadüşülən olar. Təqdir olunar ki, öyrənməyə çalışırsan. Belə blogerlər son vaxtlar qarşıma çox çıxır. Təəccüblənirəm ki, Azərbaycan dilində belə danışmaq dəbdir. Azərbaycanda yaşayırsınız, çörəyini yeyirsiniz, kontent yaradır, pul qazanırsınız, Azərbaycan dilini bu hala salırsınız.
Mən Amerikada yaşayıram, günlərlə Azərbaycan dilində danışmıram. Amma instaqramda nəsə çəkəndə özümü yığıram, məsuliyyət hiss edirəm. Ay blogerlər, əlinizə kitab alın, dilimizi öyrənin. Eybəcər rus dilləri ilə video düzəldirlər. Baxırlar, baxış sayı azdır, Azərbaycan dilində danışırlar. Kitab oxuyun, dilinizi inkişaf etdirin, müəllim tutun. Ağ edirsiniz”, – deyə Günel Hümbətova bildirib.