QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranı hərbi yolla dərhal məhv etmək imkanına malik olduğunu, ancaq Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin müraciətinə görə hələlik tələsmədiyini bildirib.

Tramp bu barədə teleaparıcı Stiven Smitə müsahibəsində danışıb. Jurnalist ondan ABŞ-nin indiyədək İranla niyə hesablaşmadığını soruşub.

“Qorumağa çalışdığım ölkələrin istəyi ilə prosesi bir qədər uzadırıq. Səudiyyə Ərəbistanı hər şeyi bir müddət indiki vəziyyətdə saxlamağımı xahiş edib”, - deyə ABŞ prezidenti cavab verib.

Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn də gözləməyi üstün tuturlar.

Tramp daha əvvəl ABŞ-nin İranla razılaşmaya ehtiyacının qalmadığını söyləyib. O qeyd edib ki, Vaşinqtonun belə bir sövdələşməyə ehtiyac duyduğu dövr çoxdan başa çatıb.