QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Milli Məclisin üç komitəsinin birgə iclasında deputat Elnarə Akimova təhsil xərclərinin səmərəliliyi, dərsliklərin məzmunu və milli-mənəvi dəyərlərin tədrisdə qorunması barədə danışıb.

Akimovanın fikrincə, büdcə müzakirələri yalnız maliyyə rəqəmləri ilə məhdudlaşmamalı, ölkənin gələcəyini formalaşdıran prioritetləri də əks etdirməlidir. O bildirib ki, təhsil sahəsinə yönəldilən hər manat gələcək nəslə və ölkənin intellektual imkanlarına sərmayədir.

Deputat son günlər müzakirə olunan dərsliklərin vəziyyətinə toxunaraq, məzmun qüsurları, səthi yanaşma və texniki nöqsanların valideynlər, müəllimlər və mütəxəssislər arasında narahatlıq yaratdığını söyləyib. Onun qənaətincə, aidiyyəti qurumlar iradlara münasibət bildirməli, ictimaiyyətə aydınlıq gətirməli və problemlərin həlli üçün əməli tədbirlər görməlidir.

“Suveren dövlətimizin milli-mənəvi dəyərlərinin keşiyində duran, uşaqlarımıza düzgün tariximizi, milli kimliyimizi və ana dilimizi aşılayan dərsliklər bizim strateji təhlükəsizliyimizdir”, – deyə Akimova vurğulayıb.

O qeyd edib ki, dərsliklərin hazırlanması, çapı və yenilənməsi üçün büdcədən ciddi vəsait ayrılır və çəkilən xərclərlə əldə edilən nəticələr uyğun olmalıdır. Dövlət vəsaiti hesabına ərsəyə gələn dərsliklər cəmiyyətdə əsaslı narazılıq yaradırsa, keyfiyyətə nəzarət və təminat mexanizmlərinə yenidən baxılması vacibdir.

Çıxışında deputat Prezident İlham Əliyevin təhsilin, milli kimliyin və mənəvi dəyərlərin qorunmasının əhəmiyyəti ilə bağlı mövqeyini də xatırladıb. Akimova bildirib ki, güclü dövlət iqtisadi və siyasi potensialla yanaşı, milli-mənəvi dəyərlərə bağlı, düşüncəli və savadlı vətəndaşlarla qurulur.

O, dərsliklərin uşaqların dünyagörüşünə mühüm təsir göstərdiyini qeyd edərək, onların yalnız məktəb çantasında daşınan kitab olmadığını deyib. “Dərslik sadəcə uşağın çantasına qoyulan kitab deyil. O, uşağın dünyagörüşünə, tarix yaddaşına, milli kimliyinə və gələcəkdə necə bir vətəndaş olacağına təsir göstərən strateji vasitədir. Ona görə də dərsliklərin keyfiyyətinə münasibətimiz, əslində, öz gələcəyimizə münasibətimizdir”, – deyə deputat bildirib.

Akimova problemlərin aradan qaldırılması üçün Milli Məclisdə Elm və Təhsil Nazirliyinin, müvafiq dövlət qurumlarının, mütəxəssislərin və ictimaiyyət təmsilçilərinin iştirakı ilə müntəzəm dinləmələr təşkil etməyi təklif edib. Onun sözlərinə görə, belə müzakirələr çatışmazlıqları müəyyənləşdirməyə, təklifləri dinləməyə və uyğun həll yollarını tapmağa kömək edə bilər.

Deputat, həmçinin dərsliklərin hazırlanması və nəşrinə ayrılan vəsaitlərin istifadəsi barədə aidiyyəti komitəyə ətraflı, şəffaf hesabat verilməsini vacib sayıb. Qiymətləndirmədə tanınmış alimlərin, müstəqil ekspertlərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakını təmin edən ekspertiza komissiyasının yaradılmasını da təklif edib.

Akimovanın fikrincə, dərsliklərə məzmun baxımından nəzarət formal xarakter daşımamalı, elmi dəqiqliyi, dil qaydalarını, pedaqoji yanaşmanı, tarixi həqiqətləri və milli-mənəvi dəyərləri əhatə etməlidir.

Çıxışının yekununda deputat parlamentin funksiyasının büdcəni rəqəmlər üzrə təsdiqləməklə bitmədiyini deyib. O bildirib ki, ayrılan vəsaitin hansı məqsədlərə yönəldiyi, hansı nəticələr verdiyi və ölkənin gələcəyinə necə töhfə göstərdiyi də diqqətdə saxlanmalıdır.

“Bizdən gözlənilən təkcə büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir”, – deyə Elnarə Akimova qeyd edib.