QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Kürşad Zorlu Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) qoşulması təklifini şərh edib. O, üzvlük və müşahidəçi statusu üçün mövcud şərtləri, eləcə də Moskva ilə mədəni əlaqələrin yenilənməsi imkanını dəyərləndirib.

Zorlu 2021-ci ildə təsdiqlənmiş TDT nizamnaməsindəki tələblərdən birinin ölkə miqyasında türk dillərindən birinin və ya ona qohum dilin dövlət dili, yaxud rəsmi yazışma dili kimi qəbul edilməsi olduğunu bildirib. Onun sözlərinə görə, bu meyara cavab verən dövlətlər təşkilata müşahidəçi qismində üzvlük üçün müraciət edə bilər.

AKP rəsmisi həmin tələbi ödəməyən üçüncü ölkələrlə əməkdaşlığın da mümkün olduğunu vurğulayıb. Ötən il qəbul olunmuş “TDT Plus” modeli çərçivəsində üzv ölkələrin razılığı ilə üçüncü tərəflərlə xarici işlər nazirləri və ya dövlət başçıları səviyyəsində görüşlər keçirilə, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq genişləndirilə bilər.

Rusiya ilə bağlı danışan Zorlu 2015-ci ildən sonra bu ölkənin türkdilli bölgələrinin TÜRKSOY-la mədəni təmaslarının dayandığını qeyd edib. O xatırladıb ki, TDT-nin nəzdində TÜRKSOY və Türk Akademiyası kimi beynəlxalq qurumlar fəaliyyət göstərir. 1993-cü ildə yaradılmış TÜRKSOY mədəniyyət sahəsində təşkilatın ən geniş və dinamik əməkdaşlıq platformasıdır.

Zorlunun sözlərinə görə, Rusiya Federasiyasının tərkibindəki Altay, Tuva, Çuvaş, Başqırdıstan, Yakutiya və Tatarıstan respublikaları TÜRKSOY-da müşahidəçi statusuna malikdir. Lakin Rusiya tərəfinin 2015-ci ildə verdiyi qərardan sonra həmin respublikaların qurumla əməkdaşlığı faktiki olaraq dondurulub, o vaxtdan birgə toplantı və fəaliyyət baş tutmayıb. Zorlu mövcud vəziyyətin yenidən nəzərdən keçirilməsini və mədəni əməkdaşlığın bərpasını təklif edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın sonunda Ankarada keçirilən TDT sammitində Rusiyanın təşkilata üzv və ya müşahidəçi kimi qatılması məsələsini gündəmə gətirib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə ölkə ərazisində əhalisi tarixən türk olan bir sıra bölgələrin mövcudluğunu əsas gətirərək, belə bir qoşulmanın anlaşılan və məqsədəuyğun ola biləcəyini deyib.