QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İranın ali rəhbəri Müctəba Xamenei ABŞ-də Respublikaçılar Partiyasının aralıq seçkilərdə məğlub olmasının Vaşinqtonun Tehranla bağlı siyasətinə təsir etməyəcəyini bildirib.

Xamenei ABŞ-nin İrana qarşı düşmən mövqeyini qoruyacağını deyib. O, yeni hücumların baş verəcəyi halda İranın daha genişmiqyaslı cavab verəcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, Vaşinqton İran xalqını qeyd-şərtsiz təslim olmağa məcbur etmək niyyətindədir. Xamenei düşmən qarşısında ən cüzi güzəştin belə müharibədə həlak olanların və xalqın fədakarlıqlarının nəticəsini puça çıxaracağını iddia edib. O əlavə edib ki, bu cür addım qarşı tərəfi yeni tələblər irəli sürməyə və hücumlar təşkil etməyə təşviq edə bilər.

ABŞ Prezidenti Donald Trampın üzvü olduğu Respublikaçılar Partiyasının seçkilərdəki məğlubiyyətinə münasibət bildirən Xamenei bunun ABŞ-nin İrana yönəlik siyasətində dəyişiklik yaratmayacağını vurğulayıb. O, Vaşinqtonun davranışının dəyişəcəyini gözləyənlərin “dərin yanılğı içində” olduqlarını söyləyib.

Xamenei iddia edib ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı müharibədən sonra Tehran Hörmüz boğazına nəzarəti ələ keçirib və bölgədə yerləşən ABŞ hərbi bazalarını “məhv edib”.

“Belə hücumlar təkrarlanarsa, İranın cavabı daha geniş miqyas alacaq”, – deyə o bildirib.

İranın ali rəhbəri regionda Tehranın dəstəklədiyi və “müqavimət cəbhəsi” adlandırdığı silahlı qruplaşmaların mövqeyini də yüksək qiymətləndirib.