QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, İranın Ali Lideri Müctəba Xamenei ABŞ-də keçirilən aralıq seçkilərin Vaşinqtonun Tehrana yanaşmasını dəyişəcəyinə ümid etməməyi tövsiyə edib.

O, bu fikirləri 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü ilə bağlı bəyanatında səsləndirib.

Xamenei bildirib ki, ABŞ-nin hakim dairələrində davranışın və ya partiyalararası münasibətlərin dəyişəcəyini gözləyənlər, eləcə də İrana güzəştlərlə Vaşinqtonun İran xalqına qarşı düşmən mövqeyini aradan qaldırmağın mümkün olduğunu düşünənlər ciddi yanılırlar.

Ali lider ABŞ-nin yenidən hücuma keçəcəyi təqdirdə İranın daha genişmiqyaslı cavab verəcəyi barədə də xəbərdarlıq edib. Onun sözlərinə görə, Fars körfəzində, xüsusən də Hörmüz boğazı ətrafında baş verənlər ABŞ-nin məğlubedilməzliyi barədə təsəvvürü sarsıdıb və öz xalqı əvəzinə xarici ölkələrə güvənən hakimiyyətlərin zəifliyini üzə çıxarıb.

Daha əvvəl İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ-dəki aralıq seçkilərin nəticələrini şərh edərkən, seçicilərin Konqres seçkilərində İranla müharibəyə qarşı mövqe sərgilədiklərini deyib.