QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 96 yaşlı amerikalı investor Uorren Baffetin qidalanma vərdişlərinə McDonald's səhər yeməyi, kartof çipsləri, fast food və şokoladlı dondurma daxildir. Berkshire Hathaway şirkətinin rəhbəri adi su əvəzinə albalı dadlı Coca-Cola içdiyini deyir.

İş adamının həmkarı Bill Akman onun bu vərdişindən danışıb. Akman Baffetin evində şam yeməyində olduğu vaxt baş verənləri xatırlayıb. Ev sahibi qonağı üçün sevdiyi “Cherry Coke” içkisindən alıbmış. Süfrəyə əyləşməzdən əvvəl Baffetdən su, yoxsa şəkərli içki istədiyini soruşub. Baffet su içmədiyini və bunun təxminən yarım əsrdir belə olduğunu söyləyib.

Baffet 2015-ci ildə zarafatla gündəlik kalorisinin təqribən dörddə birinin Coca-Coladan gəldiyini, buna görə bədəninin 25 faizinin həmin içkidən ibarət olduğunu bildirib. O, şəkərli qazlı içkilər arasında ilk sevdiyinin Pepsi olduğunu da qeyd edib. Bununla belə, investorun sözlərinin nə dərəcədə ciddi olduğu aydın deyil: Baffet təmiz su içməkdən birdəfəlik imtina etdiyini rəsmi şəkildə açıqlamayıb.

Coca-Cola məhsullarına şəxsi marağı Baffetin investisiyalarında da özünü göstərib. Berkshire Hathaway 1988-ci ildə şirkətin səhmlərini almağa başlayıb. 1989-cu ildə isə Baffet bu səhmlərə 1 milyard dollar yatıraraq şirkət aktivlərinin təxminən 9 faizinə bərabər pay əldə edib.

Albalı dadlı içkilərlə yanaşı, Baffet fast food və şirniyyatlara da üstünlük verir. Onun gündəlik menyusunda McDonald's səhər yeməyi, kartof çipsləri və şokoladlı dondurma yer alır.

Bu qidalanma tərzinə rəğmən, investor enerjisini və sağlamlığını qoruyur. Jurnalistlər onun pəhrizinin əksər insanlar üçün uyğun olmadığını zarafatla vurğulayıblar. Baffet isə sağlam sayılmayan qidaların aktiv həyat sürməsinə mane olmadığını açıq şəkildə bildirib.