QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Ankaranın Türk Dövlətləri Mədəniyyət Parkında Azərbaycan pavilyonunun qarşısında “Sonsuzluğun simfoniyası” adlı monumental əsər qurulub.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Rəşad Mehdiyevin yaratdığı kompozisiya cilalanmış paslanmayan poladdandır. Müasir monumental plastika nümunəsi kimi təqdim olunan əsərdə ölkənin milli kimliyi, mədəni yaddaşı və mənəvi varislik ənənələri ifadə edilib.
Fəzada bir-birini kəsən spiral formalar Azərbaycan ornamental sənətinə xas buta, od rəmzi və Xəzər dalğalarının plastik təsvirini birləşdirir. Kompozisiyanın mərkəzindəki qoşa spiral DNT modeli genetik yaddaşın qorunmasını və milli mədəni kodun əbədiliyini göstərir. Dövri quruluş isə “Əbədiyyət düyünü” ideyasını simvolizə edir.
Naxışlarda Qarabağ və Şirvan xalçaçılıq məktəblərinin, həmçinin Azərbaycan memarlıq irsinin bədii elementlərindən yararlanılıb.
Cilalanmış polad səthin güzgü effekti əsəri ətraf mühitlə vizual baxımdan əlaqələndirir. Kompozisiya mədəni irsi müasir sənət dili ilə təqdim etməklə yanaşı, Şərq və Qərb arasında mədəni körpü fikrini də ifadə edir.