QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakıda 14 il qonşu olduğu Eşqinlə Zəngilanda yenidən görüşən müəllif onu bu dəfə öz kəndində qarşıladığını yazıb. Eşqin görüş zamanı ilk olaraq “Mən daha qaçqın deyiləm!” deyib.

Müəllifin sözlərinə görə, Bakıdakı qonşuluq illərində məhəllə görüşlərində və gəzintilərdə Eşqinə zarafatla “qaçqın” deyərmişlər. Bu sözün onun yarımçıq qalmış uşaqlığını, itirdiyi yurdu və həsrətini xatırlatdığını isə həmin vaxt düşünməyiblər. Zəngilandakı görüşdə rollar dəyişib: bu dəfə müəllif qonaq, Eşqin isə ev sahibi olub.

Eşqin həyat yoldaşı, dörd övladı və qoca atası ilə birlikdə doğma torpağa qayıdıb. Anası isə illərlə arzuladığı qayıdışı görə bilməyib və dünyasını dəyişib. Müəllif qeyd edir ki, yurdla qovuşma sevincinin yanında ayrılıq illərində itirilən yaxınların ağrısı da var.

Eşqinin kiçik qardaşı 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Ailədə müharibənin iki fərqli izi qalıb: böyük qardaş yurdundan ayrı düşməyin həsrətini yaşayıb, kiçik qardaş isə həmin torpağın azadlığı uğrunda döyüşüb. İndi ailənin dörd övladı Zəngilanın Məmmədbəyli kəndində böyüyəcək.

Məmmədbəyliyə “Böyük Qayıdış” proqramı çərçivəsində ailələr mərhələli şəkildə köçürülür. Hazırda kənddə yüzlərlə sakin məskunlaşıb. Yazıda bu prosesin mahiyyəti insanların öz evində yenidən yaşaması və gələcək nəsillərin doğma torpaqda böyüməsi kimi təqdim edilir.

Müəllif Eşqinin “Mən daha qaçqın deyiləm” sözlərini 14 il əvvəlki zarafatın mənasını dəyişən, qayıdış sevincini ifadə edən cümlə kimi xatırladıb. Ona cavabı isə “Çox şükür” olub.