QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ-də 1799-cu ildə tapılan ağır daşın 7,7 kiloqramlıq qızıl külçə olduğu üzə çıxıb. Tapıntı zamanı 12 yaşında olan Konrad Rid və ailəsi onun qiymətli metal olduğunu bilmədiyindən külçədən üç il qapı tutacağı kimi istifadə ediblər.

Şimali Karolinada yaşayan Konrad Litl Medou Krik dərəsində oynayarkən sarımtıl və ağır bir daş tapıb. O, tapıntını evə gətirib atası Con Ridə göstərsə də, ailə bunun qızıl olduğunu anlamayıb.

Con Rid 1802-ci ildə daşı zərgərə aparıb. Külçənin qızıl olduğu təsdiqləndikdən sonra onu cəmi 3,50 dollara satıb. O vaxt bu məbləğ fermerin təxminən bir həftəlik qazancına uyğun idi.

Daha sonra Rid öz ərazisində qızıl axtarmağa başlayıb. 1804-cü ildə mədəndə işləyən Peter adlı kölə uşaq təxminən 12,7 kiloqramlıq başqa bir külçə aşkar edib. Bu tapıntılar Şimali Karolinada qızıl hasilatının genişlənməsinə yol açıb.

Rid qızıl mədəni 1966-cı ildə Milli Tarixi Abidə elan edilib, 1977-ci ildə isə ziyarətçilərin istifadəsinə verilib. Hazırda turistlər tarixi əraziyə baş çəkə, qızıl axtarışı üsulları ilə tanış ola və Konrad Ridin külçəni tapdığı dərənin ətrafına baxa bilirlər.