QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Şərq təqvimi 2027-ci ili Qırmızı Odlu Keçi ili kimi göstərir. Astroloji yozumlarda bu dövr ailə bağları, yaradıcılıq, özünü inkişaf etdirmə və əməkdaşlıq üçün münasib sayılır, emosiyalara qapılaraq qərar vermək və tələsmək isə məsləhət görülmür.
Astroloq İrina Nijnikin bildirdiyinə görə, Çin təqvimi ilə yeni il 2027-ci il fevralın 6-da başlayacaq və 2028-ci il yanvarın 25-də başa çatacaq. O vaxta qədər Odlu At ili davam edəcək.
Nijnik Od elementini fəallıq, cəsarət, enerji və ehtirasla, Keçini isə mehribanlıq, harmoniya və yaradıcılıqla əlaqələndirir. Onun fikrincə, bu xüsusiyyətlərin bir araya gəlməsi şəxsi münasibətləri möhkəmləndirmək və yeni ideyaları gerçəkləşdirmək baxımından əlverişli şərait yarada bilər.
Ailə, karyera və maliyyə
Şərq astrologiyasında Keçi ili ailəyə, ev rahatlığına və yaxınlarla münasibətlərə diqqətin artdığı dövr kimi dəyərləndirilir. Buna görə də 2027-ci ildə ev təmiri, başqa yerə köçmək və yaşayış şəraitini yaxşılaşdırmaq üçün imkanların yarana biləcəyi qeyd olunur.
İş həyatında şəxsi təşəbbüslərlə yanaşı, komanda şəklində çalışmağın da önəm daşıdığı bildirilir. Yaradıcılıqla məşğul olmaq, yeni bacarıqlar öyrənmək, musiqiyə, fotoqrafiyaya, dizayna və incəsənətin başqa istiqamətlərinə vaxt ayırmaq da uğurlu seçimlər arasında göstərilir.
Maliyyədə isə istəklərlə qənaət arasında ölçü saxlamaq vacib hesab olunur. Astroloq emosional alış-verişin və başqalarına yaxşı görünmək arzusunun pul toplamağa mane ola biləcəyi barədə xəbərdarlıq edir.
Nələrə diqqət etmək lazımdır?
İrina Nijnik qeyd edir ki, bütün çətinliklərdən yayınmaq və önəmli qərarları davamlı təxirə salmaq doğru deyil. Bəzi məsələləri danışmadan ötüşdürmək onların daha da mürəkkəbləşməsinə gətirib çıxara bilər.
Astroloq emosiyaların təsiri ilə qərar qəbul etməməyə çağırır. Bununla belə, iş yerini dəyişmək və ya başqa əraziyə köçmək kimi uzun müddət nəzərdə tutulan addımları yalnız ilin simvoluna görə təxirə salmaq lazım deyil.
Həmçinin hamının razılığını qazanmağa çalışmaq, öz ehtiyaclarını daim ikinci plana atmaq tövsiyə edilmir. Belə davranışın emosional tükənmə ilə nəticələnə biləcəyi vurğulanır.