QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstəliklərin icbari tibbi sığorta hesabına qarşılanmasının vacib olduğunu bildirib.
O, parlamentin bir neçə komitəsinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirə edilərkən bu məsələyə toxunub. Əmiraslanov onkoloji xəstəlikləri əhali arasında ən çox ölümə səbəb olan iki patologiyadan biri kimi xarakterizə edib.
Komitə sədrinin sözlərinə görə, ötən iki ildə icbari tibbi sığorta çərçivəsində səhiyyə üzrə dövlət proqramlarının maliyyələşdirilməsi mühüm addımlardan olub. Bu proqramların səhiyyənin ağır istiqamətlərini əhatə etdiyini deyən Əmiraslanov növbəti il böyük oynaqların transplantasiyasına tətbiq olunan limitin götürülməsinin, sümük iliyi transplantasiyası üzrə limitin isə 20-dən 50-yə yüksəldilməsinin planlaşdırıldığını qeyd edib.
O bildirib ki, gələn ildən icbari tibbi sığortaya daxil edilməyən səhiyyə proqramlarının sayı xeyli azalacaq. Onkologiya proqramının da sığorta təminatına alınmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Əmiraslanov Azərbaycanda robot cərrahiyyə bölmələrinin yaradılması üçün maliyyə ayrılmasını da təklif edib. Onun sözlərinə görə, robot cərrahiyyəsi vasitəsilə hazırda ən mürəkkəb müayinə və müalicələri aparmaq mümkündür.