QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Merilin Monro və Rabiə adlı iki qadının həyatı tamamilə fərqli şəraitdə keçsə də, hər ikisinin hekayəsi faciə ilə nəticələnib. Merilin ölümündən yarım əsrdən çox vaxt keçəndən sonra da əfsanə kimi xatırlanır.
Nikahdankənar doğulan Merilin anasını psixiatriya xəstəxanasında itirib. Uşaqlıq illərini himayə evlərində keçirən gələcək aktrisa özünü lazımsız hiss edib və ömrü boyu həmin ağır keçmişin təsirindən qurtulmağa çalışıb.
Diyarbəkirdə tayfa başçısı Hacı Hüseynin qızı olan Rabiəni isə ailəsindən kənarda çox az adam tanıyırdı. Beş bacı-qardaşın ən kiçiyi və ən gözəli sayılan Rabiə ailəsinin yanında xoşbəxt böyümüş, evdə onun istəkləri nəzərə alınmışdı.
Merilin gənc yaşlarında Hollivudda şöhrət və var-dövlət qazanmış, bir neçə dəfə ailə qurmuş, çoxsaylı münasibətlər yaşamışdı. Rabiə isə yeniyetmə ikən dövrün adətinə uyğun olaraq başlıq pulu müqabilində Səfərə ərə getdi və həyatını ona həsr etdi.
Səfər bir müddət sonra yoxsulluqdan çıxmaq məqsədilə Almaniyaya getməyə qərar verdi. O, Rabiəyə bir neçə ilə varlı qayıdacağını deyərək ölkədən ayrıldı və avtomobil sənayesində fəhlə işləməyə başladı. Rabiə isə qayınanası və iki övladı ilə ağır günlər yaşamağa başladı.
Merilin geniş salonlarda kişilərin diqqətini görüb gülərkən, Rabiə qayınanasının sərt nəzarəti altında ağlayırdı. Ona pəncərələrin pərdəsini açmağa, hətta həyətin girişini süpürməyə belə icazə verilmirdi. Qayınanası və qayınları Səfərin namusunu qoruduqlarını əsas gətirərək onu bir neçə gündən bir şillələyirdi.
Qəzetlər Merilini “narsisist” kimi təqdim edirdi. Rabiənin isə öz iradəsi və seçimi olmadan Diyarbəkirin kənar məhəllələrində əzablı həyata sürükləndiyi bilinmirdi.
Səfər üç ilə dönəcəyini desə də, ildə cəmi 15-20 gün məzuniyyətə gələ bilirdi. Rabiənin şikayətlərinə cavab olaraq, iki mənzil və bir çörək sobası almağa pul yığmayınca Diyarbəkirə qayıda bilməyəcəyini söyləyir, ona səbir etməyi məsləhət görürdü.
Merilin təlatümlü həyatının yaratdığı psixoloji sarsıntılara görə müalicəyə başladığı vaxt Rabiə qayınanası və uşaqları ilə dörd divar arasında yaşayır, vəziyyəti isə ildən-ilə pisləşirdi. Onu həkimə aparan yox idi. On il sonra Səfər iki mənzil və bir çörək sobası almağa çatacaq qədər pul toplayıb geri döndü.
Bu müddətdə Səfərin anası və qardaşları Rabiənin yanına yad kişinin, hətta erkək milçəyin belə yaxınlaşmasına imkan verməmişdilər. Onlar qadının bədənini Səfərə əmanət sayırdılar. Lakin uzun sürən iztirab və tənhalıq Rabiənin ruhuna ağır zərbə vurmuş, onda intihar düşüncələri yaratmışdı.
Merilin şöhrətinə və puluna görə ətrafına toplaşan insanlar arasında kimin həqiqətən yaxın olduğunu ayırd edə bilmədiyi üçün psixoloji yardım alırdı. Rabiə isə onillik təkliyində Səfərin adını təkrar edir, reallıq hissini tədricən itirirdi.
Merilin Sent-Ekzüperi və Dostoyevskinin əsərlərini oxuyur, Artur Millerlə münasibət yaşayırdı. İbtidai təhsili olan Rabiə uzun günlərdə uşaqlarının nağıl kitablarına baxır, radio proqramları və xəbərlər vasitəsilə Napoleonla Qorbaçovun kim olduğunu öyrənirdi.
Diyarbəkirə qayıdanda Səfər Rabiəni tanımaqda çətinlik çəkdi. Qadın hər səhər Napoleon Bonaparta salam göndərmək üçün evdən çıxır, ərinin Almaniyadan gətirdiyi keçə papağı taxır, siqaret çəkir və xəyalındakı qoşunlara əmr verirdi. Bəlkə də bu şəkildə arzuladığı azadlığı təsəvvüründə yaşayırdı. Şüurunu isə artıq idarə edə bilmirdi.
Rabiəni bir müddət izlədikdən sonra Səfər anasına onunla daha ər-arvad kimi yaşaya bilməyəcəyini deyib, özünə başqa namizəd tapılmasını istədi. Başlıq pulu artıqlaması ilə ödənildi və 45 yaşlı Səfər üçün yaxın kəndlərdən 17 yaşlı gənc qız seçildi. Həmin vaxt 37 yaşlı Rabiə uzun illər evdən çıxmadığı üçün kökəlmiş və ruhi xəstəliyə tutulmuşdu.
Səfər Rabiə və uşaqlara kiçik bir otaq kirayələdi, özü isə yeni həyat yoldaşı ilə aldığı mənzilə köçdü. Rabiəni evdə saxlamaq mümkün olmadı: o, otaqdakı əşyaları dağıdır, sonra küçəyə çıxırdı. Diyarbəkirin müxtəlif yerlərində bəzən Napoleonun əsgərlərinə əmr verərkən, bəzən də səki kənarında tək ağlayarkən görünürdü. Onun iztirabı və insanlıq ləyaqəti nə Səfəri, nə də onun ailəsini maraqlandırırdı.
Bir axşam Rabiə Dağkapı məhəlləsində, xəstəxana yaxınlığındakı hərbi qərargahın ətrafında dolaşarkən qəribə bir təsəvvürə qapıldı. Ona elə gəldi ki, nənə paltarı geyinmiş canavar qırmızı papaqlı qızı yemək üzrədir. Qızın evi qərargahın qaranlıq hissəsində idi.
Rabiə arxasınca gələn Napoleon əsgərlərinə əmr verərək qızı xilas etmək üçün tikanlı məftillərlə çevrələnmiş qadağan olunmuş sahəyə daxil oldu. Həmin gecə qarovulda olan əsgərə parolsuz girən şəxsə atəş açmaq tapşırılmışdı. O, xəbərdarlıq edib qışqırsa da, Rabiə heç nə eşitmədi.
Əsgərin açdığı iki güllə Rabiəyə dəydi. Yerə yıxılanda belə o, Napoleonun əsgərlərinə əmr verməyi davam etdirirdi. Əsgər qadının nə dediyini anlamırdı; onun bildiyi yalnız xəbərdarlığa məhəl qoymaması idi. Siyasi gərginliyin yüksək olduğu və fövqəladə vəziyyətin qüvvədə qaldığı Diyarbəkirdə qarovulçu öz düşüncəsinə görə verilən əmri icra etmişdi.
Rabiə ertəsi gün sahibsizlər qəbiristanlığında torpağa tapşırıldı. Həmin il bəzi insan hüquqları təşkilatlarının və qurumlarının illik hesabatlarında adı Cənub-Şərqi Anadoluda baş verən “məhkəməsiz edamlar” siyahısında yer aldı. Halbuki onun yalnız ölümü deyil, bütün həyatı məhkəməsiz edamı xatırladırdı.
Hekayəni qələmə alan şəxs Merilinin illərdir qəlbində yaşayan platonik sevgisi, Rabiənin isə doğma xalası olduğunu bildirir. O, Cemal Süreyyanın sözlərinə istinadla Merilinin indi Cəhənnəmdə Nitsşenin məşuqəsi olmalı olduğunu yazır, anasının qara gözlü bacısı Rabiənin isə bəlkə də Cənnətdə hələ də Səfərin adını çağırdığını qeyd edir.