QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların peşə hazırlığı üçün yeni mərkəz yaradılıb. Təşəbbüs nazirliklə “Azərişıq” ASC arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Ədliyyə Nazirliyinin fəaliyyət planında sahibkarların iştirakı ilə cəzaçəkmə müəssisələrində müxtəlif sahələr üzrə peşə təhsili və təlimlərin təşkili nəzərdə tutulur. Bu məqsədlə nazirlik dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı əhatə edən “N.Ə.F.Ə.S.” (Nailiyyət, Əməkdaşlıq, Fərdi inkişaf, Əmək, Sosial inteqrasiya) layihəsinə başlayıb. Layihə məhkumların hazırlanması, eləcə də cəzasını başa vurmuş şəxslərin işlə təmin olunmasına yönəlib.

Noyabrın 18-də ədliyyə naziri Fərid Əhmədov və “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mərkəzə baş çəkiblər. Onlar tədris şəraiti və təlimlərin təşkili ilə tanış olub, “Elektrik montyoru” ixtisası üzrə proqramı uğurla bitirən məhkumlarla görüşüblər.

Təlimləri başa vurmuş 22 məhkuma peşə bacarıqlarını təsdiqləyən sertifikatlar təqdim olunub. Cəza müddəti tamamlanan məzunlardan biri isə “Azərişıq” ASC-də ixtisası üzrə işə qəbul edilib və tədbir zamanı ona iş vəsiqəsi verilib.

Mərkəzdə dərs otaqları və təcrübə poliqonu yaradılıb. Müəssisə ümumilikdə 128 adda 650-dən çox texniki alət, avadanlıq, qurğu, məlumat lövhəsi və tədris materialı ilə təmin edilib.

Təlimlərin elektrik montyoru, uçota nəzarət və sayğacquraşdırma, elektrik çilingəri, elektrik qaynaqçısı, həmçinin texnik-operator istiqamətlərində keçirilməsi planlaşdırılır. Proqramların məzmunu əmək bazarının ehtiyacları və “Azərişıq” ASC-nin fəaliyyət sahələri nəzərə alınmaqla müəyyənləşdirilib.

Mərkəzdə eyni vaxtda 75-80 məhkum təhsil ala bilər. İl ərzində 500-550 nəfərə təlim keçirmək nəzərdə tutulur. Hazırda yeni qrupların dərsləri davam edir və proqramlara maraq yüksəkdir.

“Azərişıq” ASC ilə razılaşmaya əsasən, oxşar peşə hazırlığı mərkəzlərinin başqa cəzaçəkmə müəssisələrində də yaradılması gözlənilir. Layihə məhkumların bacarıqlarının artırılması, cəmiyyətə reinteqrasiyası, iş imkanlarının genişləndirilməsi və təkrar cinayət riskinin azaldılmasını hədəfləyir.

Ədliyyə Nazirliyi bu sahədə dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı genişləndirməyi, tələbat olan başqa peşələr üzrə təlimlər təşkil etməyi və uğurlu təcrübəni digər müəssisələrdə tətbiq etməyi planlaşdırır.