QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində təhsil xərcləri üçün 5 milyard 99 milyon manat, kənd təsərrüfatı üçün isə 1 milyard 379 milyon manat nəzərdə tutulub.

Bu barədə Milli Məclis sədrinin müavini Musa Qasımlı parlamentin üç komitəsinin birgə iclasında büdcə layihəsinin müzakirəsi zamanı məlumat verib.

Qasımlının sözlərinə görə, aqrar sahəyə ayrılması planlaşdırılan 1 milyard 379 milyon 487 min manat ərzaq təhlükəsizliyinə, kənd təsərrüfatı istehsalı və fermer təsərrüfatlarının inkişafına, dövlət dəstəyinin davamına, məhsuldarlığın yüksəldilməsinə, eləcə də meliorasiyaya yönəldiləcək.

Təhsil üçün nəzərdə tutulan 5 milyard 99 milyon manat ümumi təhsilin keyfiyyətinin artırılmasına, məktəbəqədər təhsilin əhatəsinin genişlənməsinə, ali təhsilin inkişafına və elmi tədqiqatlarla əlaqələndirilməsinə sərf olunacaq. Vəsaitin bir hissəsi peşə təhsilinin əmək bazarının ehtiyaclarına uyğunlaşdırılmasına, rəqəmsal təhsilin və müasir texnologiyaların tətbiqinin inkişafına, həmçinin təhsil infrastrukturunun yaxşılaşdırılmasına ayrılacaq.

Deputat bildirib ki, ölkənin elmi potensialını gücləndirmək və tədqiqat nəticələrinin iqtisadiyyatda tətbiqini yaxşılaşdırmaq üçün elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur. Bu məbləğ elmi araşdırma və innovasiyaların dəstəklənməsinə, rəqəmsal inkişafın sürətləndirilməsinə, süni intellekt və innovativ texnologiyaların tətbiqinə, elmlə təhsilin iqtisadi inkişafla əlaqəsinin gücləndirilməsinə yönəldiləcək.

Büdcə layihəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti üçün 4 milyon 700 min manat nəzərdə tutulduğunu da Qasımlı qeyd edib. Vəsait məişət zorakılığına məruz qalanlara və insan alveri qurbanlarına dəstək, erkən nikahların qarşısının alınması, eləcə də sağlamlıq imkanları məhdud uşaqlarla sosial və psixoloji işin təşkili üçün istifadə olunacaq.