QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, deputat Tahir Mirkişili 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyri-neft sektorunun gəlirlərdəki payının artmasını və fiskal dayanıqlığın qorunmasını qeyd edib. O, bu barədə noyabrın 17-də Milli Məclisin plenar iclasında çıxış edib.

Mirkişilinin sözlərinə görə, gələn il dövlət büdcəsi gəlirlərinin təxminən 60,5 faizi qeyri-neft-qaz sektorunun hesabına formalaşacaq. 2030-cu ilə qədər bu payın 70 faizə yüksəlməsi proqnozlaşdırılır. Deputat bu artımı büdcə və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin müsbət nəticəsi kimi qiymətləndirib.

Deputat icmal büdcənin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 2026-cı ildəki 18,8 faizdən 2027-ci ildə 17,1 faizə düşməsini fiskal intizamın və makroiqtisadi sabitliyin güclənməsi ilə əlaqələndirib. O, 2026-cı il oktyabrın 1-i üçün dövlət borcunun ÜDM-də payının 17,3 faiz olmasını da müsbət göstərici adlandırıb və bunun dövlətin borclanma imkanlarını saxladığını bildirib.

Mirkişili vurğulayıb ki, fiskal dayanıqlığı qiymətləndirərkən borcun aşağı səviyyəsi ilə yanaşı, borc və büdcə vəsaitlərinin hansı iqtisadi nəticələr verdiyi də nəzərə alınmalıdır. Onun fikrincə, borclanma hesabına infrastruktur, istehsal, logistika, enerji və ixrac imkanlarını artıran layihələrin reallaşdırılması gələcək nəsillər üçün davamlı iqtisadi dəyər yarada bilər.

Çıxışında investisiya və bölgələrin inkişafı məsələlərinə də toxunan deputat bildirib ki, 2027-ci ilin büdcə layihəsində dövlət əsaslı investisiyalar üçün 5,3 milyard manat nəzərdə tutulub. Bu vəsaitin 3,4 milyard manatının işğaldan azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına ayrılması planlaşdırılır.

Mirkişili həmin ərazilərin ölkənin iqtisadi sisteminə tam inteqrasiyası baxımından investisiyaların strateji əhəmiyyətini vurğulayıb. O, gələcək mərhələdə dövlət sərmayələrinin özəl investisiyaları cəlb edən əsas amillərdən birinə çevrilməsini prioritet sayıb.