QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin Afyonkarahisar vilayətində səkkiz nəfəri ov tüfəngi ilə öldürməkdə və bir nəfəri ağır yaralamaqda şübhəli bilinən 28 yaşlı Arif Sefa Ö. saxlanılıb. Hadisədən sonra ərazidən qaçan şəxs Eskişehir-Afyonkarahisar yolunda polis və jandarmın birgə əməliyyatı ilə tutulub.
İlkin ehtimala əsasən, hadisəyə borc məsələsi zəminində yaranan mübahisə səbəb olub. Bildirilir ki, şübhəli biçerdöverçilərlə pul üstündə münaqişə edib və həmin şəxslər tərəfindən döyülüb. Daha sonra qarşı tərəfə telefon açaraq borcunu ödəyəcəyini və barışmaq istədiyini söylədiyi iddia edilir. Görüş zamanı isə onlara pusqu quraraq atəş açıb.
Arif Sefa Ö.-nün hücumlarını davam etdirdiyi və qaçmaq məqsədilə avtomobilləri ələ keçirməyə çalışdığı bildirilir. Avtomobilini verməkdən imtina edən şəxslərə, həmçinin yolda rastlaşdığı iki qadın müəllimə atəş açdığı da iddialar arasındadır.
Qaçarkən götürdüyü avtomobil Eskişehir istiqamətində, Taşlık məhəlləsi yaxınlığında palçığa batıb. Şübhəli maşını qoyaraq Kuyucak məhəlləsinə gedib və orada başqa avtomobili ələ keçirib. Onu görən çobanın şübhələnməməsi üçün “Fənəri tutma, mən bu kənddənəm” dediyi qeyd olunur.
Polis və jandarmın əməliyyatı nəticəsində şübhəli ikinci avtomobillə ərazidən uzaqlaşa bilmədən saxlanılıb. Hadisə yerində və qaçış yolu boyunca aparılan yoxlamalar zamanı avtomobildə pompalı tüfəng tapılıb.
Məlumata görə, Arif Sefa Ö. İhsaniyə rayonunun Bozüyük kəndində yaşayır və fermerliklə məşğul olur. Təxminən iki il əvvəl həyat yoldaşından ayrılan 28 yaşlı şəxsin bir övladı var.
Hadisədə Ahmet Uzel (57), Bekir Toprak (50), Noman Toprak (56), Seydi Ahmet Aydoğmuş (73), Satı Aydoğmuş (68), İsmail Şen (61), Hilal Mete (31) və Ayşe Sena Demir (46) ölüb. İlk hücum zamanı yaralanan S.P.-nin vəziyyəti ağır olaraq qalır.
İstintaq Afyonkarahisar Baş Prokurorluğunun rəhbərliyi ilə üç prokuror tərəfindən aparılır. Həlak olanların cəsədləri məhkəmə-tibbi ekspertizası üçün morqa yerləşdirilib.