QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, ABŞ Konqresinin hər iki partiyasından olan qanunvericilər “Nvidia” ətrafındakı qalmaqaldan sonra süni intellekt üçün qabaqcıl çiplərin Çinə ixracına məhdudiyyətləri sərtləşdirmək istiqamətində addımları artırıblar.
Hazırlanan tədbirlər həssas texnologiyaların və süni intellekt sistemlərində istifadə olunan yüksək məhsuldarlıqlı prosessorların Çinə tədarükünü ciddi şəkildə məhdudlaşdırmağı nəzərdə tutur. Həmçinin Çin şirkətlərinin xarici bulud xidmətləri üzərindən ABŞ-ın hesablama imkanlarından yararlanmasının qarşısının alınması təklif edilir.
Qanunvericilər ABŞ Prezidenti Donald Tramp administrasiyasının ixrac icazələri ilə bağlı qərarlarına nəzarət etmək, eləcə də həmin qərarları dayandırmaq üçün Konqresin səlahiyyətlərinin artırılmasını istəyirlər.
Nümayəndələr Palatasının Respublikaçılar Partiyasını təmsil edən üç yüksək vəzifəli üzvü həmkarlarını bu mövzuda hazırlanmış dörd qanun layihəsindən ibarət paketi təxirəsalınmadan qəbul etməyə çağırıblar.
Onlar xüsusi dinləmələrin keçirilməsini də tələb ediblər. Tələblərinə əsasən, “Nvidia” rəhbərliyi və ABŞ Ticarət Nazirliyinin yüksək vəzifəli nümayəndəsi ifadə vermək üçün Konqresə çağırılmalıdır.