QafqazNews Manset.az-a istinadən xəbər verir ki, dünyanın tanınmış zərgərlik markalarından “Bulgari”nin yüksəlişində mühüm payı olan italyan zərgər Paolo Bulqari 89 yaşında dünyasını dəyişib.

Onunla vida mərasimi noyabrın 23-də Romada keçiriləcək.

“Bulgari”nin əsası 1894-cü ildə İtaliyanın paytaxtında qoyulub. Həmin vaxt Paolonun babası, Yunanıstandan köçmüş Sotirio Bulgari ilk zərgərlik mağazasını açıb. Sonrakı nəsillər ailə biznesini beynəlxalq miqyasda inkişaf etdiriblər. Ailə Paolonu “dövrümüzün böyük zərgəri” kimi xarakterizə edib.

Brend xüsusilə 1960-1970-ci illərdə, zinət əşyalarının kino ulduzları arasında dəbə mindiyi dövrdə geniş şöhrət qazanıb.

2011-ci ildə Fransanın “LVMH” holdinqinə qoşulanadək şirkət ailə biznesi olaraq fəaliyyət göstərib. “Bulgari” Roma ilə əlaqəsini davam etdirir: yaxın vaxtlarda İmperator Avqust meydanında brendin adı ilə otel açılıb, şirkət isə meydandakı antik Avqust mavzoleyinin bərpasına maliyyə ayırıb.