QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Paraqvayın Deputatlar Palatası bu gün Prezident Santyaqo Penanın impiçment proseduruna başlanması təklifini müzakirə edəcək. Məsələ “Ueno Bank” ətrafında yaranmış qalmaqalla bağlıdır. Bankda təxminən 3 milyon müştərinin hesabı dondurulub.
İmpiçmentə səsvermədən sonra vitse-prezident Pedro Allananın vəzifədən kənarlaşdırılması məsələsinin də səsverməyə çıxarılması nəzərdə tutulur.
Müxalifət deputatları Penanı “Ueno Bank”la əlaqələrinə görə maraqların toqquşmasında ittiham edirlər. Onların təqdim etdiyi sənəddə bildirilir ki, hökumət Dövlət Sosial Təminat Fonduna problemli banka qanunvericilikdə nəzərdə tutulandan artıq vəsait yatırmağa icazə verib.
Sənəddə, həmçinin, bankın keçmiş yüksək vəzifəli rəhbərlərindən birinin Paraqvay Mərkəzi Bankının başına gətirilməsi tənqid olunur. Prezidentin impiçmentini müdafiə edən deputatların qənaətinə görə, bu təyinat ictimai maraqları qorumaq öhdəliyi ilə uzlaşmır.
Prosedurun başlanması üçün təklif Deputatlar Palatasının üzvlərinin üçdə ikisinin dəstəyini almalıdır. Tələb olunan səs sayı toplansa, məsələ Senatorlar Palatasında müzakirə ediləcək, ictimai dinləmələr keçiriləcək və bundan sonra prezidentin təqsirli olub-olmaması barədə qərar veriləcək.