QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 24-də saat 12:00-da Azərbaycan Dillər Universitetində (ADU) Xalq yazıçısı Elmira Axundova ilə görüş təşkil olunacaq.
Tədbir zamanı müəllifin Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” və “Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncə…” kitabları təqdim ediləcək.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Natiq Rəsulzadə və jurnalist Mixail Qusman da iştirak edəcəklər.
Görüşdə Elmira Axundovanın yaradıcılıq fəaliyyəti və publisistikası, eləcə də təqdim olunan nəşrlərin məzmunu və ideya istiqamətləri müzakirə olunacaq. Müəllif kitabların hazırlanması, araşdırmalarının əsas mövzuları və yaradıcılıq yolu barədə danışacaq. Universitetin müəllim və tələbələri ilə fikir mübadiləsi aparılacaq, qonağın sualları cavablandırılacaq.
“Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabında Ulu öndərin milli-mənəvi dəyərləri qorumaq, tolerantlıq ənənələrini inkişaf etdirmək, müxtəlif mədəniyyət və dinlər arasında qarşılıqlı anlaşmanı gücləndirmək istiqamətindəki fəaliyyəti işıqlandırılır. Nəşr Azərbaycan multikulturalizmi modelinin yaranması və inkişafının araşdırılması baxımından əhəmiyyətlidir.
“Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncə…” kitabına ədəbiyyat, elm və mədəniyyət xadimləri haqqında portret-oçerklər, məqalələr və müəllifin ədəbi düşüncələri daxil edilib. Burada tanınmış şəxslərin yaradıcılıq yolu, həyat mövqeyi və mənəvi aləmi publisistik üslubda təqdim olunur.