QafqazNews Manset.az-a istinadən xəbər verir ki, noyabrın 20-də Cənubi Koreyanın Honam Universitetinin rektoru Sanqçeol Park və nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) səfərdə olub.
ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları qarşılayaraq universitetə gəlmələrindən məmnunluğunu ifadə edib. O, ali məktəbin beynəlxalq əlaqələrin genişləndirilməsinə və xarici universitetlərlə əməkdaşlığın inkişafına önəm verdiyini bildirib.
Kamal Abdulla Azərbaycan və Cənubi Koreya arasındakı dostluq münasibətlərinin təhsil, elm və mədəniyyət sahələrində daha da möhkəmlənməsi üçün universitetlərarası əlaqələrin, tələbə və müəllim mübadiləsinin, eləcə də birgə layihələrin vacibliyini vurğulayıb.
Rektor ADU-da fəaliyyət göstərən Koreya Araşdırmalar Mərkəzinin işindən də bəhs edib. Onun sözlərinə görə, mərkəz Koreya dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin öyrənilməsinə, həmçinin iki ölkə arasında akademik və mədəni əlaqələrin inkişafına xidmət edən əhəmiyyətli platformadır.
Görüşdə bildirilib ki, ADU tələbələri Koreya dilinə və mədəniyyətinə, ədəbiyyatına və tarixinə maraq göstərirlər. Universitetdə bu dilin tədrisinə, Koreya mədəniyyətinin tanıdılmasına və Azərbaycan-Cənubi Koreya mədəni əlaqələrinin inkişafına diqqət ayrılır.
Akademik Kamal Abdulla müəllim və tələbə mübadiləsinin təcrübə paylaşımına, elmi əlaqələrin genişlənməsinə və tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanmasına töhfə verdiyini qeyd edib.
Tərəflər Honam Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması imkanını da müzakirə ediblər. Belə bir mərkəzin Azərbaycan dili, ədəbiyyatı və milli-mədəni irsinin Cənubi Koreyada tanıdılmasına, iki ölkə arasında humanitar və akademik əlaqələrin genişlənməsinə töhfə verə biləcəyi vurğulanıb.
Sanqçeol Park səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkür edib, ADU ilə tanışlıqdan məmnun qaldığını bildirib. O, universitetlərarası əməkdaşlığın, akademik təcrübə mübadiləsinin və ortaq təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.
Honam Universitetinin rektoru Azərbaycan dili və mədəniyyətinin Cənubi Koreyada tanıdılması təklifini müsbət qarşılayıb. O, elmi və mədəni əməkdaşlığın genişləndirilməsinin, birgə tədqiqat layihələri və mədəni tədbirlərin keçirilməsinin hər iki universitet üçün yeni imkanlar açacağını deyib.
Görüşün yekununda ADU ilə Honam Universiteti əməkdaşlıq müqaviləsi imzalayıb. Sənəddə akademik əlaqələrin inkişafı, tələbə və müəllim mübadiləsinin təşviqi, elmi və mədəni sahələrdə ortaq layihələrin reallaşdırılması nəzərdə tutulur.
Honam Universiteti 1978-ci ildə yaradılıb və müxtəlif ixtisaslar üzrə bakalavr və magistratura proqramları təklif edir. Ali məktəb beynəlxalq tərəfdaşlıqlar, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi istiqamətində çalışır.